Almaniyanın bir çox əyalətində qatar maşinistlərinin maaş artımı tələbi ilə işi dayandırması səbəbindən ölkə nəqliyyatı iflic olub.
Almaniya Dəmir Yolları İdarəsindən “Report”un Avropa bürosuna verilən məlumata görə, tətil bir çox yerli və xarici turisti qatar platformalarında saatlarla gözləmək məcburiyyətində qoyub. Eyni zamanda bir çox şəhər bələdiyyəsi mövcud vəziyyətlə əlaqədar şəhərlərin marşrut xəttinə əlavə avtobus cəlb etməkdə çətinlik çəkib.
Ölkədə ən acınacaqlı vəziyyət isə Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf, Köln, Bonn, Duysburq kimi böyük şəhərlərində qeydə alınıb. Xüsusilə Düsseldorf və Köln-Bonn hava limanı istiqamətinə gedən qatar reyslərinin təxirə salınması minlərlə sərnişinin aeroporta gedib çata bilməməsinə səbəb olub.
Qeyd edək ki, Almaniya Qatar Maşinistləri Birliyi (GDL) tərəfindən dəstəklənən tətil cümə gününə kimi davam edəcək.