Almaniyanın Erkelenz şəhərində (Köln inzibati dairəsi) İkinci Dünya Müharibəsindən qalma partlamamış mərmi tapıldığı üçün 4 350 nəfərə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
“Report” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazır.
Məlumata görə, yeraltı kanalların yenidən qurulması işləri zamanı partlamamış bomba aşkar edilib. Bombanın çəkisi azı bir tondur və iki detonatoru var. Partlayıcı maddələrin zərərsizləşdirilməsi xidmətləri hadisə yerinə baxış keçirib. Şəhərin mərkəzində nəqliyyatın hərəkəti dayandırılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 400 metr radiusda olan insanlar təhlükəsiz yerə aparılmalıdır. "İkinci bomba detonatoru ciddi şəkildə zədələndi və onu tərksilah etmək mümkün olmadı", - şəhər rəsmiləri bildiriblər. Bu səbəbdən bomba şəhər mərkəzindən çıxarılacaq və mühasirəyə alınmış ərazidə nəzarətli şəkildə partladılacaq.
Kölndə partlamamış hərbi sursatların tapılması ilk dəfə deyil. Nasist Almaniyasına qarşı hava hücumlarının təxminən yarısı indiki Şimali Reyn-Vestfaliya federal əyalətində cəmləşib. Təxmini hesablamalara görə, İkinci Dünya Müharibəsinin sonunda faşist Almaniyasına 2 milyondan çox müxtəlif çaplı bomba atıldı, onların 10-20 %-i partlamadı. Bir neçə aydan bir mərmilər yolları tikən və ya yeni binaların təməlini qoyan işçilər tərəfindən aşkarlanır. Bir qayda olaraq, belə tapıntılar insan həyatı üçün heç bir təhlükə yaratmır - istehkamçılar onları bir neçə saat ərzində zərərsizləşdirirlər.