Almaniyada bahalaşma dalğası: qida məhsullarının qiyməti 20-30% artıb

Almaniyada bahalaşma dalğası: qida məhsullarının qiyməti 20-30% artıb Bahalaşma dalğası ölkədə may və iyun aylarında daha kəskin hiss ediləcək
Digər ölkələr
26 Aprel , 2021 09:43
Almaniyada bahalaşma dalğası: qida məhsullarının qiyməti 20-30% artıb

Son iki ildə Almaniyada qida məhsulları 20-30 % bahalaşıb.

Bunu aprelin 25-də paytaxt Berlindəki bir neçə süpermarketdə müşahidələr aparan “Report”un Avropa bürosunun əməkdaşı bildirib.

“Netto” süpermarketlər şəbəkəsindən əməkdaşımıza bildirilib ki, bahalaşma əsasən kənd təsərrüfatı məhsullarında müşahidə edilir. Kartof, soğan, yumurta və süd məhsullarının qiymətində 15-25 % artım olub. Ancaq buna baxmayaraq marketin müştəriləri üçün həftəsonu endirimləri var. Bu zaman bir çox qida məhsulu 30% endirimlə təklif olunur.

“Rewe” marketlər şəbəkəsi isə qiymət artımını fermerlərin mövcud probelmlərinin hələ də həll edilməməsində görür. Marketdən əməkdaşımıza bildirilib ki, “Rewe” əsasən regional kənd təsərrüfatı məhsulları satdığından mövcud qiymət artımı onların satışa çıxardığı məhsullardan da yan keçməyib:

“Xüsusilə, meyvə və tərəvəzləri pandemiyadan əvvəl olan qiyməti ilə müqayisə edəndə 25-30 % bahalaşmanı görmək olur. Təəssüflər olsun ki, son iki ildə dövlət fermerlərin problemlərini həll etməyə maraqlı olmadı. Fermerlər bir neçə dəfə kütləvi etiraz aksiyası keçirsə də, bunun bir nəticəsi olmadı”.

“Lidl” süpermarketlər şəbəkəsindən isə bildirilib ki, yerli istehsalın azalmasının səbəbi pandemiya dövründə mövsümlük işçilərin Almaniyaya gəlməsində problemlərin yaranmasıdır.

“Məhsulların yığımı gecikdiyindən qonşu ölkələrdəki partnyorlarımıza müraciət etmək məcburiyyətində qalırıq. Belə olan halda bir çox məhsul 10-15 % baha satılır. Daşınma və məhsula tətbiq oluna əlavə dəyər vergilərini nəzərə alanda, bu, normal haldır” – deyə, marketdən bildirilib.

Məlumat üçün bildirək ki, pandemiyanın ilk aylarında Almaniyanın baş naziri Angela Merkel dəfələrlə qida məhsullarının qiymətinin artmayacağını, ölkənin özünü tam təmin edəcəyini söyləmişdi. Ekspertlərə görə isə bahalaşma dalğası ölkədə may və iyun aylarında daha kəskin hiss ediləcək.

Son xəbərlər

Orphus sistemi