Almaniya hökuməti Putinin dostu olan keçmiş kansleri ofis və işçilərdən məhrum edəcək

Almaniya hökuməti Putinin dostu olan keçmiş kansleri ofis və işçilərdən məhrum edəcək Almaniyanın keçmiş kansleri bundestaqda ofisi və əməkdaşlarından məhrum ediləcək
Digər ölkələr
18 May , 2022 13:40
Almaniya hökuməti Putinin dostu olan keçmiş kansleri ofis və işçilərdən məhrum edəcək
Gerhard Şröder

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Bundestaqda (parlament) ofis və əməkdaşlardan məhrum ediləcək.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, qanunverici orqandakı hakim koalisiya Rusiya rəhbərliyinə yaxınlığına görə kəskin tənqid olunan siyasətçi ilə bağlı razılığa gəlib.

Bundestaqın büdcə komitəsinin üzvləri Dennis Rode (Sosial-Demokrat Partiyası), Sven-Kristian Kindler (“yaşıllar”) və Otto Frikke (Azad Demokratik Partiya) bildiriblər ki, keçmiş kanslerlərin təminatı gələcəkdə artıq statusa deyil, öhdəliklərin davamlı yerinə yetirilməsinə əsaslanacaq.

Onlar izah ediblər ki, G.Şröder artıq keçmiş kansler kimi heç bir öhdəliyi yerinə yetirmir, ona görə də onu işçilərlə və ofislə təmin etmək üçün heç bir əsas yoxdur. Buna görə də keçmiş hökumət başçısının bundestaqdakı ofisi bağlanacaq, lakin o, təqaüd alacaq və mühafizəçi ilə təmin olunacaq.

Beləliklə, Rusiya Prezidenti Vladimir Putinə ən yaxın alman siyasətçi sayılan G.Şröder büdcədən ona düşən təminatın əhəmiyyətli hissəsindən məhrum olunacaq. Son zamanlarda G.Şröderin işçi heyətinin xərcləri ildə təxminən 400 min avro təşkil edirdi. “Handelsblatt” biznes nəşrinə görə, 2021-ci ildə G.Şröderin ofisində beş işçi olub, ofis rəhbəri ayda təxminən 10 400 avro maaş alırdı. 2017-ci ildə eks-kanslerin işçilərinə büdcədən təxminən 561 min avro ödənilib.

Almaniyada G.Şröder Kremlə yaxınlığına və Rusiya dövlət konsernləri ilə bağlı fəaliyyətinə görə sərt tənqid olunur. Ukraynada müharibə başlayandan sonra tənqidlər kəskin şəkildə artıb. Bir neçə həftə əvvəl onun Rusiya ilə bağlı mövqeyinə etiraz olaraq ofisinin bir neçə üzvü istefa verib.

Qeyd edək ki, Almaniyanın keçmiş kansler və prezidentlərinə Berlində ömürlük bir neçə işçisi olan şəxsi ofis, həmçinin xidməti avtomobil və sürücü ayrılır. Bütün bu xərclər dövlət büdcəsindən maliyyələşdirilir.

Son xəbərlər

Orphus sistemi