Almaniya Dəmir Yolları artan sabotajların qarşısında aciz qalıb
- 12 oktyabr, 2022
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Federal Daxili İşlər Nazirliyi son günlər ölkə ərazisində dəmir yolu nəqliyyatının fəaliyyətinə yönəlik sabotajların qarşısını almaq üçün Xüsusi Əməliyyat Qrupu (SEK) əməkdaşlarını hazır vəziyyətə gətirib.
“Report”un Avropa bürosunun məlumatına görə, keçən həftədən Almaniyanın Berlin və Şimali Reyn Vestfaliya əyalətlərində dəmir yollarına aid kommunikasiya xətlərinin naməlum şəxs və ya şəxslər tərəfindən sıradan çıxarılması nəticəsində xaos yaşanıb.
Yüksək sürətli qataralar (İCE) plan üzrə marşrutu həyata keçirə bilməyiblər. Belə ki, baş verə biləcək qəzalara görə, regional səfərləri həyata keçirməli olan qataralar platformalarda qalıblar.
Almaniya Dəmir Yollarından bildirilib ki, kommunikasiya xətlərinin sıradan çıxarılması nəticəsində işıqforlar çalışmayıb, bu da öz növbəsində xüsusilə, avtomobil yolları ilə kəsişmələrdə qəza şəraitinin yaranmasına səbəb olub.
“Xəbər tutulan kimi əməkdaşlarımız hadisə yerlərinə yollanıblar. Qatar səfərlərinin vaxtında həyata keçirilməsi üçün digər dövlət qurumlarından da kömək istənilib”, - Almaniya Dəmir Yollarından bildirilib.
Almaniya Federal Daxili İşlər Nazirliyi dəmir yollarına yönəlik sabotajların siyasi motivli olduğunu düşünür. Nazirlikdən verilən açıqlamaya yörə, yaradılan işçi qrupu bu yöndə çalışmalarını davam etdirir.
Müstəqil ekspertlərə görə, Almaniyanın son aylar Ukrayanaya silah dəstəyini artırması fonunda Moskvaya bağlı qüvvələr Almaniyanın bir çox dövlət qurumunu hədəfə alıblar. Təsadüfi deyil ki, son aylar Rusiya tərəfdən Almaniyanlın bank və dövlət idarələrinə yönəlik kiber hücumların sayında artış qeydə alınıb.
Məlumat üçün bildirək ki, 2018, 2020 və 2021-ci illərdə Almaniya Dəmir Yolları oxşar sabotajlarla üzləşib.