Bakı. 3 noyabr. REPORT.AZ/ "Airbus-321" təyyarəsinin Sinay yarımadasında qəzaya uğradığı ərazidə çalışan ekspertlər təyyarənin konstruksiyasına aid olmayan elementlər aşkarlayıb. "Report" xəbər verir ki, bu marədə TASS-a Qahirədəki mənbədən bildirilib.
Məlumata görə, yad elementlər ekspertizaya göndərilib.
Eyni zamanda, "CBS News" təhlükəsizlik üzrə xüsusi müxbir David Martinə istinadən xəbər verib ki, ABŞ-ın infroqırmızı şüalarla uzaqdan aşkarlama peyki təyyarə qəzası zamanı Sinay yarımadasının üzərində istilik partlaması qeydə alıb. Bu partlayışın səbəbləri araşdırılır. Versiyalardan biri bombadır. Ancaq partlayışın yanacaq çənində baş verməsi ehtimalı da var.
Bu arada "ABC News" Pentaqon istinadən məlumat verib ki, partlayış qəzayla bağlı olmaya da bilər. Belə ki, son vaxtlar qəza ərazisində hərbi fəallıq müşahidə olunub. Mənbə təyyarənin raketlə vurulması ehtimalının az olduğunu vurğulayıb.
Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi üzrə hərəkət edən "Koqalımavia" aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi təxminən yarım saatlıq uçuş etdikdən sonra Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü dünyasını dəyişib.