Aİ Qabondakı durumdan narahatlığını bildirib: "Regiondakı durumu daha da pisləşdirə bilər"
- 30 avqust, 2023
- 08:04
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qabondakı durum regionda durumu daha da pisləşdirə bilər”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Aİ müdafiə nazirlərinin İspaniyada qeyri-rəsmi görüşü başlamazdan əvvəl deyib.
O, Qabondakı durumdan narahatlığını ifadə edib:
“Mən bu barədə bu gün səhər öyrəndim. Aldığım xəbər məni həyəcanlandırdı. Əlavə məlumatım olmadığı üçün başqa bir şey deyə bilmərəm, amma nazirlər bunu bu gün müzakirə etmək istəyirlər”.
Qeyd edək ki, Qabonda hərbçilər televiziya vasitəsilə bütün dövlət qurumlarının buraxıldığını, son prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər. Hazırda paytaxt Librevil şəhərində avtomat silahlardan istifadə edilməklə atışma gedir. Ordu sərhədlərin bağlandığını da bəyan edib. Qabon ordusu hakimiyyət institutlarının ləğv olunduğunu elan edib.