Rusiyanın Ukraynadakı separatçı qurumlarının qismən səfərbərliyi və “referendum” təşkil etdiyini elan etməsindən sonra ABŞ-ın Nyu-York şəhərində Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri tərəfindən fövqəladə iclas keçiriləcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Aİ-nin xarici işlər nazirlərini növbədənkənar və xüsusi iclasa çağırıb.
Jurnalistlərlə söhbətində Borrell görüşdə birgə xətt hazırlamaq niyyətində olduqlarını bildirib.
"Biz təslim olmayacağıq və Ukraynanın suverenliyini və demokratiyasını qorumaq üçün ona hərtərəfli dəstək verməyə davam edəcəyik", - Avropa diplomatiyasının rəhbəri deyib. O, böyük problemlər və təhdidlər yaranmazdan əvvəl müharibənin tezliklə başa çatacağına ümid etdiyini bildirib.