Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsi bu gün Böyük Britaniya ilə ticarət sazişinin gələn il yanvarın 1-dən etibarən reallaşdırılmasını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə komitənin rəsmi nümayəndəsi Sebastyan Fişer bildirib.
“Daimi dümayəndələr yekdilliklə 1 yanvar 2021-ci il tarixdən Britaniya ilə Ticarət və Əməkdaşlıq Sazişinin müvəqqəti tətbiqini təsdiqləyiblər”, - Fişer “Twitter”də yazıb.
O əlavə edib ki, bu qərarın rəsmi təsdiqinin sabah - bütün Aİ dövlətlərindən yazılı təsdiq aldıqdan sonra olacağı gözlənilir.
Xatırladaq ki, dekabrın 24-də Britaniya və Avropa Komissiyasının nümayəndələri aylardır davam edən çətin danışıqlardan sonra gələcək əməkdaşlıq, o cümlədən ticarət əlaqələri barədə razılığa gəliblər. Saziş Aİ ölkələrinin razılığını və Avropa Parlamentinin, habelə Britaniya parlamentinin təsdiqini tələb edir.