Avropa İttifaqı (Aİ) İran hökumətinə Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah, o cümlədən pilotsuz uçuş aparatları tədarükünün yolverilməzliyi barədə xəbərdarlıq edib.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Aİ spikeri Piter Stanonun oktyabrın 24-də Brüsseldə ittifaqın brifinqindəki çıxışına istinadən məlumat yayıb.
İranın xarici işlər nazirinə telefon danışığı zamanı xəbərdarlıqla bağlı məlumat verilib.
P.Stanonun sözlərinə görə, Aİ Rusiyaya hər hansı silahın, o cümlədən pilotsuz uçuş aparatlarının tədarükü faktları ilə bağlı aydın mövqeyini təsdiqləyib: “Hər hansı üçüncü ölkənin Rusiyanı silahla, istər PUA olsun, istərsə də raketlərlə təchiz etməsi faktı qəbuledilməzdir və beynəlxalq humanitar hüquqa ziddir. Rusiya bu silahı mülki əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı istifadə edir ki, bu da beynəlxalq hüquqa görə müharibə cinayətidir”.
Xatırladaq ki, oktyabrın 20-də Aİ ölkələri Rusiya ordusunun Ukraynaya qarşı müharibədə istifadə etdiyi kamikadze-dronların Rusiyaya tədarükü ilə əlaqədar İrana qarşı yeni sanksiyalar qəbul edib.