ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson telefon danışığında Rusiya və Ukrayna ilə diplomatik əlaqələri müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev bildirib.
"Prezident Cozef R. Bayden bu gün Böyük Britaniyanın baş naziri Boris Conson ilə danışıb. Hər iki lider Ukrayna və Rusiya ilə diplomatik təmaslarını müzakirə ediblər", - məlumatda deyilir.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Cozef Baydenlə Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub. Britaniya Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, ABŞ Prezidenti və Britaniyanın hökumət başçısı hələ də diplomatiya üçün “pəncərə”nin olduğunu bildiriblər.
Baş nazir və Prezident bir-birlərinə digər dünya liderləri ilə apardıqları son danışıqlar barədə məlumat veriblər. Onlar diplomatiya və Rusiyanın Ukraynaya qarşı təhdidlərindən geri çəkilməsi üçün hələ də kritik pəncərənin olduğunu razılaşdırıblar.
Liderlər həmçinin vurğulayıblar ki, “Ukraynaya istənilən işğal Rusiya üçün uzunmüddətli böhrana gətirib çıxaracaq, Rusiya və bütün dünya üçün ciddi fəsadlarla dolu olacaq”.