ABŞ Prezidenti Cozef Bayden Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay Beynəlxalq Hava Limanındakı raket hücumu barədə məlumatlandırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.
Bildirilib ki, ABŞ administrasiyasının əməkdaşları Baydenə raket hücumu barədə məruzə ediblər.
“Prezident aeroportda işlərin fasilə olmadan davam etdiyi barədə məlumatlandırılıb. O, prioritet təşkil edən tapşırıqların yerinə yetirilməsi – ölkədəki qüvvələrimizin mühafizəsi üçün lazım olan bütün tədbirlərin görülməsi üçün səyləri artırmaq barədə tapşırıq verdi”, - məlumatda bildirilib.
Qeyd edək ki, “Reuters” agentliyi mənbələrinə istinadən bu səhər Kabil aeroportuna azı 5 raket hücumu gerçəkləşdirildiyi barədə məlumat yayıb. Bildirilib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemləri bir neçəsinin qarşısını alıb. ABŞ qüvvələri arasında itki qeydə alınmayıb.