Afrika ölkələri ən yoxsul ölkələrə, o cümlədən Afrika ölkələrinə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmağa kömək edəcək proqramları maliyyələşdirmək üçün qlobal vergi tətbiq edilməsinə dair çağırış ediblər.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Bu çağırış Nayrobi şəhərində başa çatan Afrika İqlim Sammitində qəbul edilmiş Nayrobi Bəyannaməsində öz əksini tapıb.
Sammitin yekununda Keniya Prezidenti Uilyam Ruto bildirib ki, Nayrobi Bəyannaməsi iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyətin yeni mərhələsinin əsasını qoyur: “Biz davamlı inkişaf gündəliyinə sosial-iqtisadi transformasiya prioritetlərini yerləşdirmək və onlara Afrika xarakterini vermək üçün birgə əzm nümayiş etdirmişik. Sammit zamanı Afrika ölkələri kollektiv şəkildə hərəkət etmək bacarığını nümayiş etdirib və heç kəsdə şübhə yeri qoymayıblar ki, bəşəriyyətin gələcəyi Afrikadadır”.
Nayrobi Bəyannaməsi planetin iqlimini qorumaq üçün həyata keçirilən proqramları maliyyələşdirmək məqsədilə qlobal vergi tətbiqini təklif edir. Afrika ölkələrinin konkret olaraq nəyə görə vergi tətbiq etməyə çalışdığı hələlik məlum deyil, lakin sammitin kuluarlarında ehtimal olunan maliyyə mənbəyinin adı artıq hallandırılıb - qlobal maliyyə sistemindəki əməliyyatlardan toplanacaq vəsait.
Bəyannamədə həmçinin inkişaf etməkdə olan ölkələrin cəlb edilməsi ilə beynəlxalq maliyyə sistemində islahatların aparılmasına dair çağırış da yer alır. Afrika ölkələri üçün həm də Beynəlxalq Valyuta Fondunun xətti ilə güzəştli kreditləşmənin tətbiqi, eləcə də qitənin bir sıra ölkələrinin dövlət borcu probleminin həlli təklif olunur.
Afrika ölkələri Nayrobi Bəyannaməsini noyabrda Birləşmiş Ərəb Əmirliklərində açılacaq BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP28) təqdim etmək niyyətindədir.