NATO yeni müdafiə planlarına uyğun olaraq, potensial hücum zamanı ilk ayda bunun üçün daim yüksək hazırlıq vəziyyətində olan 300 min əsgərdən istifadə edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
Onun sözlərinə görə, NATO-ya yeni qoşulan Finlandiya və hələ NATO üzvü olmayan İsveçlə birlikdə alyansın qüvvələrinin sayı 3,5 milyon nəfərə çata bilər:
“Söhbət kollektiv müdafiədən gedirsə, artıq baş verən hücuma hazırlaşmaq üçün vaxtımız olmayacaq. Həm də hücumu planlaşdıran biz deyil, düşməndir. Hücum edərlərsə, biz hazır olmalıyıq.
Deməli, bizə yüksək hazırlıq səviyyəsində daha çox hərbçi lazımdır və bu, bir gecədə edilə biləcək bir şey deyil. Onlara təlim, silah, sursat, başqa hər şey lazım olacaq. Ona görə də söhbət yüksək hazırlıq səviyyəsində olan 300 min hərbi qulluqçudan gedir. Ümumilikdə NATO ölkələrinin Finlandiya və İsveçlə birlikdə 3,5 milyon hərbi qüvvəsi var”.