ABŞ Yaxın Şərqə əlavə olaraq iki qırıcı eskadrilya və bir neçə min hərbçi ilə birlikdə bir eskadrilya hücum təyyarəsi göndərmək niyyətindədir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Air And Space Forces Magazine” məlumat yayıb.
Söhbət “F-16 Fighting Falcon” və “F-15E Strike Eagle” qırıcılarından, həmçinin “A-10 Thunderbolt II” hücum təyyarəsindən gedir.
ABŞ həmçinin bölgədəki qırıcıların və hücum təyyarələrinin ümumi sayını artırmaq üçün Yaxın Şərqdəki aviasiya bölmələrinin mövcudluğunu genişləndirir.
Qeyd olunub ki, İsrail Livanın “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatlara başladıqdan və onun lideri Həsən Nəsrullahı öldürdükdən sonra ABŞ ordusu Yaxın Şərqdə əlavə qırıcılar və hücum təyyarələri yerləşdirməyi planlaşdırır.
Pentaqonun məlumatına görə, hazırda Yaxın Şərqdə 40 minə yaxın ABŞ əsgəri və onlarla döyüş təyyarəsi var. Bundan əlavə, 154-ə yaxın “Tomahawk” qanadlı raketi daşıya bilən “USS Georgia” nüvə sualtı qayığı və iki raket esminesi Qırmızı dənizdə döyüş növbətçiliyi həyata keçirir.