ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin israilli həmkarı İsrael Katzla telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə Ostin özünün “X” səhifəsində yazıb.
Telefon danışığı zamanı ABŞ İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib:
“Mən vurğuladım ki, İsrail və "Hizbullah" tərəfindən noyabrın 26-da qəbul olunmuş atəşkəs davamlı sakitliyi bərpa edə və İsrail-Livan sərhədinin hər iki tərəfindəki sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün şərait yarada bilər. ABŞ atəşkəsin həyata keçirilməsinə dəstək vermək üçün beynəlxalq tərəfdaşlarla sıx məsləhətləşmələr aparır”.
O, həmçinin ABŞ-nin Suriyadakı prosesləri diqqətlə izlədiyini diqqətə çatdırıb: “ABŞ dinc və əhatəli siyasi keçidi dəstəkləyir. Mən Suriyadakı hadisələrlə bağlı ABŞ və İsrail arasında sıx məsləhətləşmənin vacibliyini vurğuladım. ABŞ-nin Qəzzadakı bütün girovların, o cümlədən Amerika vətəndaşlarının azad edilməsinə dair öhdəliklərini vurğuladım. Həmçinin İsrail hökumətini Qəzzada ağır humanitar şəraitin yaxşılaşdırılması üçün addımlar atmağa davam etməyə çağırdım”.