ABŞ Suriyadan hərbi qüvvələrinin çıxarılmasını başa çatdırıb
- 16 aprel, 2026
- 20:41
ABŞ Suriyadakı hərbi mövcudluğunu tamamilə yekunlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Suriya XİN əvvəllər ABŞ qüvvələrinin yerləşdiyi hərbi obyektlərin Dəməşqə təhvil verilməsini alqışlayır. Suriya dövlətinin hakimiyyətinin əvvəllər onun nəzarətindən kənarda olan ərazilərə, o cümlədən şimal-şərq və sərhədyanı rayonlara yayılması Suriya hökumətinin ölkəni birləşdirmək istiqamətindəki ardıcıl səylərinin nəticəsidir. Bu obyektlərin təhvil verilməsinin başa çatması, həmçinin "Suriya Demokratik Qüvvələri"nin (SDQ) milli strukturlara uğurlu inteqrasiyasını və Suriya Dövlətinin öz ərazisində terrorizmlə mübarizə və regional təhdidlərə qarşı çıxmaq üçün tam məsuliyyəti öz üzərinə götürməsini əks etdirir", - bəyanatda qeyd olunub.
Bildirilib ki, Suriya ABŞ ilə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, iqtisadi tərəfdaşlığın inkişafı və hər iki ölkənin maraqları naminə əməkdaşlıq sahələrinin genişləndirilməsi siyasətinin irəlilədilməsinə əvvəlki kimi sadiqdir.
ABŞ hərbçiləri Suriyada təxminən 10 il qalıblar. Vaşinqton bu missiyanı Suriyadakı terror qruplaşmalarına qarşı mübarizə zərurəti ilə əsaslandırıb.