ABŞ Müdafiə Nazirliyi yaxın aylarda Suriyadakı hərbi kontingentinin sayını mindən az hərbçiyə qədər azaltmaq niyyətində olduğunu təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun ictimai məsələlər üzrə köməkçisi Şon Parnel bildirib.
“Bu konsolidasiya İŞİD terror təşkilatının regional və qlobal səviyyədə əməliyyat imkanlarını azaltmaq üçün atdığımız mühüm addımları əks etdirir. Bu məqsədyönlü və şərti proses yaxın aylarda Suriyadakı Amerika hərbçilərinin sayının mindən az olması ilə nəticələnəcək ”, - deyə o vurğulayıb.
“The New York Times” öz mənbələrinə istinadən yazıb ki, Suriyadakı Amerika hərbçilərinin sayı 500 nəfərə endirilə bilər. Nəşrin mənbələrinə görə, ölkənin şimal-şərqində yerləşən səkkiz Amerika əməliyyat bazasından üçü yaxın gələcəkdə bağlanacaq və hərbi personalın sayı təxminən 2000-dən 1400-ə endiriləcək.