Birləşmiş Ştatlar administrasiyası Qəzza zolağının sakinlərinə hərbi təyyarələrdən istifadə etməklə humanitar yardımın çatdırılması imkanını nəzərdən keçirir, çünki quru yolu ilə bu yardım getdikcə çətinləşir.
"Report"un məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Evin belə bir ehtimalı nəzərdən keçirməsi Qəzzada, xüsusən də anklavın şimalında humanitar böhranın pisləşməsi ilə bağlı artan narahatlığı vurğulayır. "Vəziyyət həqiqətən çox pisdir. Biz kifayət qədər miqdarda yardımın yük maşını ilə çatdırılmasını təmin edə bilmirik, ona görə də yüklərin hava ilə daşınması kimi təcili tədbirlərə ehtiyacımız var", - portalın həmsöhbəti bildirib. O, qeyd edib ki, bu yaxınlarda administrasiyada məsələnin müzakirəsi başlayıb.
ABŞ rəsmiləri etiraf edirlər ki, yalnız məhdud miqdarda yük hava yolu ilə göndərilə bilər; bir hərbi təyyarə bir və ya iki yük maşınının yükü ilə bərabər yardımı daşıya bilər. Onlar quru vasitəsilə yardımın daha böyük həcmdə göndərilməsinin bərpa edilməsinin vacibliyini vurğulayırlar. Bu, hər gün Qəzzaya yardım çatdıra biləcək yüzlərlə yük maşınının təhlükəsizliyini təmin etmək Vaşinqtonun əsas prioriteti olaraq qalır.
BMT-nin məlumatına görə, fevralda anklavın aldığı yardımın həcmi yanvar ayı ilə müqayisədə iki dəfə azalıb.