ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner yaxın günlərdə Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək.
“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
Bildirilib ki, o, səfər çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.
Qətərlə ərəb dövlətləri arasındakı münaqişənin tənzimlənməsi məsələsi səfər zamanı əsas müzakirə mövzusu olacaq. Noyabrın əvvəlində Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen bu mövzunun Ağ ev üçün prioritet olduğunu bildirmişdi.
Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə qınayaraq, onunla bütün əlaqələri kəsiblər. Son zamanlar krallıq və Qətər rəsmləri münasibətləri bərpa etməyə hazır olduqlarını bildiriblər.
Səfər zaman Səudiyyə Ərəbistanı ilə İsrail münasibətlərinin normallaşdırılmasına dair məsələnin də müzakirə olunacağı gözlənilir. Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu bu yaxınlarda Səudiyyə Ərəbistanında səfərdə olub.
Onu da qeydə edək ki, bu, İranın atom fiziki Möhsün Fəxrizadənin qətlindən sonra C.Kuşnerin regiona ilk səfəri olacaq. Bunun bölgədə gərginliyi artıracağı ehtimal olunur.