Polşanın Redzikovo kəndində yerləşən Avropanın “Aegis Ashore” raket hücumundan müdafiə (RHM) sisteminin Amerika bazası dekabrın 15-də rəsmən fəaliyyətə başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi məlumatda deyilir.
ABŞ-nin Raketdən Müdafiə Agentliyinin (MDA) direktoru vəzifəsini icra edən Hərbi Dəniz Qüvvələrinin (HDQ) kontr-admiralı Duqlas Uilyams Konqresin Silahlı Qüvvələr Komitəsinin dinləmələrindən əvvəl təqdim etdiyi yazılı ifadəsində Polşada “Aegis Ashore” layihəsinin fəaliyyət qrafiki ilə bağlı təfərrüatları açıqlayıb.
“HDQ Polşadakı “Aegis Ashore”u rəsmən dekabrın 15-də sıralarına qəbul edəcək. 2024-cü ilin may ayına qədər HDQ Polşadakı “Aegis Ashore”da əlavə təkmilləşdirmələr aparacaq və 2024-cü ilin iyulunda onu Avropa dövlətlərini ballistik zərbələrdən qorumaq üçün NATO komandanlığına təhvil verəcək”, - o yazıb.
Qeyd edək ki, Polşada RHM bazasının istifadəyə verilməsi ilə Avropada iki belə obyekt olacaq. Bundan əvvəl 2016-cı ildə Rumıniyanın Deveselu kəndi yaxınlığında ABŞ-nin ilk yerüstü raketdən müdafiə bazası olan “Aegis” fəaliyyətə başlayıb.
Bu bazalar ballistik raketləri aşkar etmək, izləmək və ələ keçirmək üçün nəzərdə tutulub.