ABŞ Prezidenti Cozef Baydenlə İsrailin Baş naziri Yair Lapid arasında Qüdsdə Strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
“Report” İsrail KİV-ə istinadən xəbər verir ki, məlumatı İsrail hökumətinin mətbuat xidməti yayıb.
Sənəd “Qüds Bəyannaməsi” adlanır. Bəyannamədə ABŞ-ın İsrailin təhlükəsizliyini dəstəkləməyə, İrana və onun nüvə silahı əldə etməsinə qarşı birgə mübarizə aparmağa hazır olduğu bildirilib.
Sənəddə İsrail region ölkələri ilə münasibətlərin normallaşdırılması prosesində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edir, Ştatlar ərəb və müsəlman ölkələrinin dairəsini genişləndirmək üçün bundan sonra da hər cür səy göstərəcəyini vəd edir.
Bəyannamədə İsrail və ABŞ-ın elm, texnologiya, tibb sahəsində əməkdaşlığı gücləndirəcəyi və inkişaf etdirəcəyi, dünyada ərzaq qıtlığı və qlobal istiləşmə ilə birgə mübarizə aparacağı da qeyd olunub: “ABŞ və İsrail Ukraynaya qarşı davam edən hücumlardan narahat olduqlarını, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını, eləcə də Ukraynaya humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayırlar”.
Qeyd edək ki, iyunun 14-də ABŞ və İsrail liderləri arasında görüş olub. İsrail hökumətinin başçısı Yair Lapid ABŞ Prezidenti Cozef Baydeni İrana qarşı mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmağa çağırıb. Cozef Bayden Yair Lapidlə görüşün açıq, səmimi və birbaşa keçdiyini söyləyib: “Görüşdə Yaxın Şərqdə yeni şərait açacaq bütün problem və imkanlara toxunduq”. ABŞ Prezidenti İsrailin təhlükəsiziyinə münasibətdə ölkəsinin üzərinə götürdüyü öhdəliklərə sədaqətli qaldığını vurğulayıb.
Bildirilib ki, Cozef Baydenin iştirakı ilə iyulun 14-də Qüdsdə İsrailin Baş naziri Yair Lapid, Hindistan Prezidenti Narendra Modi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayedlə virtual dördtərəfli sammit də başlayıb. “I2U2” (ingilis dilində İsrail, Hindistan və ABŞ və BƏƏ-nin adlarının baş hərfləri) adlanan daimi strukturun yarandığı elan ediləcək. Dördlüyün ilk layihələrindən biri Ərzaq Təhlükəsizliyi Proqramı olacaq. Bu proqram çərçivəsində ABŞ və Birləşmiş Ərəb Əmirlikləri Hindistanda kənd təsərrüfatı zonasında İsrailin bu sahə üzrə texnologiyalarından fəal istifadə etməklə kənd təsərrüfatı zonalarının yaradılmasına 2 milyard dollar ayıracaqlar. Layihə ilə bağlı ətraflı məlumat iyulun 15-də dərc ediləcək.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Baydenin Yaxın Şərqə səfəri iyulun 16-dək davam edəcək. Onun Səudiyyə Ərəbistanı və Fələstinə səfər edəcəyi də gözlənilir.