Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri, ordu generalı Sergey Şoyquya döyüş meydanındakı durumun dəyişməsi üçün bir ay vaxt verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində S.Şoyqu cəbhədəki vəziyyəti yaxşılaşdırmalı, Ukraynanın əks-hücumlarını dayandırmalı və Rusiya qüvvələrinin daha geniş ərazilərə hücumu üçün şərait yaratmalıdır: “Kreml daxilindəki mənbələr də belə deyirlər. Əgər bu iddialar doğrudursa, hətta Rusiyanın ciddi itkiləri naminə olsa da, gərgin əməliyyatlar başlaya bilər”.
Qeyd olunub ki, hazırda Ukraynanın əks-hücum əməliyyatı son dərəcə dinamik mərhələdədir: “Biz hələ ki inamlı proqnoz verə bilmərik”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir.