İranda ehtimal edilən etiraz aksiyalarının qarşısının alınması məqsədilə yeni həbs dalğası başlayıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, hakimiyyət Məhsa Əmininin ölümünün və “Qanlı Cümə” hadisəsinin ildönümləri ərəfəsində rejim əleyhinə etirazların qarşısını almaq üçün tədbirlər görməyə davam edir: “İranın kəşfiyyat xidmətləri dünən, sentyabrın 7-də etiraz aksiyalarını planlaşdıran şəbəkənin üzvlərinin həbs olunduğunu elan edib”.
Vurğulanıb ki, rejim bir qrup qadın hüquq müdafiəçisini Məhsa Əmininin ölümünün ildönümündə xaos və vandalizmi qızışdırmaq ittihamları ilə həbs edib: “Rejim İranın şərqindəki əyalətlərdə böyük iğtişaşlar riskini azaltmaq üçün İranın sünni azlıq icması ilə əlaqə qurmağı planlaşdırır”.
Qeyd edək ki, ABŞ İnstitutu dünən etirazçıların yeni aksiyaya hazırlaşdığını bildirmişdi.
Xatırladaq ki, 2022-ci il sentyabrın 16-da 22 yaşlı M.Əmini İran rejiminin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Dindirildikdən sonra o, xəstəxanaya aparılıb və orada komaya düşüb. Sentyabrın 16-da Əmini 22 yaşında vəfat edib. Rəsmilər qızın ölüm səbəbinin infarkt olduğunu bildirib. Lakin yaxınları dindirmə zamanı onun vəhşicəsinə döyüldüyünü deyirlər.
Hadisədən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. İğtişaşlar zamanı yüzlərlə adam öldürülüb.
Qeyd edək ki, 1979-cu il İslam İnqilabı dini qanunların sərt təfsirini tətbiq edəndən bəri qadınlar qanunla başlarını hicab ilə örtməlidirlər. Qanunu pozan qadınları cərimə və ya həbs gözləyir.