ABŞ-ın cənub bölgələrində ciddi fəsadlar törədən İda fırtınası səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub.
“Report”un yerli bürosu xəbər verir ki, ştatın Manhattan adasında bütün nəqliyyat sistemi fəaliyyətini dayandırıb.
Eyni zamanda leysan yağışlar nəticəsində ştatda şiddətli daşqınlar yaranıb və küçələri sel basıb, güclü külək və yağışla müşahidə olunan fırtına yüz minlərlə evi işıqsız qoyub.
Metro xətləri daşqın səbəbindən dayandırılıb.
Nyu-York bələdiyyəsinin başçısı Bill de Blasio tviter səhifəsindən vətəndaşlara xəbərdarlıq edərək sakinləri evdən çıxmamağa çağırıb.
Nyu-York ətrafı daha beş ştatda fəsadlar törədən fırtına Nyu-Cersi ştatında bir nəfərin həyatına son qoyub. Nyu-Cersey və Pensilvaniya ştatlarında da fövqəladə vəziyyət elan olunub. Bir çox yollar bağlanılıb və hazırda xilasetmə işləri aparılır.
Dağıdıcı gücə malik qasırğanın bir gün ərzində Nyu-Yorku və ətraf ştatları təsiri altında saxlayacağı açıqlanıb.
Vüsalə Abbasova