Federal Təhqiqatlar Bürosu ABŞ-nin Boliviyadakı keçmiş səfiri Manuel Roçanı Kuba hökumətinə gizli işləmək ittihamı ilə saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 73 yaşlı Manuel Roça FTB-nin uzun sürən əks-kəşfiyyat araşdırması nəticəsində Mayamidə saxlanılıb.
Nəşrin mənbələrindən biri deyib ki, Roça Kuba hökumətinin maraqlarını təbliğ etməkdə ittiham olunur. Bazar ertəsi məhkəmə iclasının keçiriləcəyi zaman əlavə məlumatın ortaya çıxacağı gözlənilir.
Roça Argentina, Kuba, Honduras, Dominikan Respublikası və Meksikada ABŞ-nin maraqlarını təmsil edərək 25 il diplomatik fəaliyyətlə məşğul olub. 2000-2002-ci illərdə Boliviyada səfir vəzifəsində çalışıb. O həmçinin Ağ Evin Milli Təhlükəsizlik Şurasında Latın Amerikası üzrə ekspert vəzifəsində çalışıb.