ABŞ dövlət katibi Entoni Blinken şənbə günü Fici Respublikasına işgüzar səfərə gedib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Fiji Village” xəbər portalı məlumat yayıb.
ABŞ Dövlət Departamenti rəhbərinin 1985-ci ildən bəri ada respublikasına ilk səfərinin gündəliyinə Fici rəsmiləri ilə bir sıra görüşlər və Sakit okean dövlətlərinin liderləri ilə onlayn konfrans daxildir.
Portalın məlumatına görə, Blinken Nadi hava limanında Ficinin müvəqqəti baş naziri Aiyaz Sayed-Xayyum və ölkənin Nazirlər Kabinetinin üzvləri ilə görüşüb və onlarla iqlim böhranı, COVID-19 pandemiyasından sonra bərpa yolları, eləcə də təbii fəlakətlər zamanı ada ölkələrinə kömək etmək üçün yeni imkanları müzakirə edib. İclasın gündəliyinə xüsusi olaraq “Sakit okeanda demokratiya, regional həmrəylik və çiçəklənməyə ümumi sadiqlik” mövzusu da salınıb.
Günün sonuna qədər ölkə liderlərinin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, azad və açıq Hind-Sakit Okean regionunun inkişaf etdirilməsi yolları ilə bağlı danışıqların növbəti raundunu keçirəcəyi planlaşdırılır.
Bundan əlavə, 18 Sakit Okean ada dövlətinin liderləri ilə onlayn konfrans zamanı Blinkenin qlobal istiləşmənin təsirlərini və iqlim böhranı ilə mübarizəni müzakirə etməsi, pandemiyadan sağalma yolunda region iqtisadiyyatını dəstəkləməsi və təbii fəlakətlərin təsirlərinin aradan qaldırılmasına köməyin gücləndirməsi məsələlərini müzakirə edəcəyi gözlənilir.