ABŞ hakimiyyəti növbəti dəfə Çin Xalq Respublikasının Sinszyan-Uyğur muxtar vilayətində uyğurların vəziyyəti, xüsusi halda qadınların sistematik zorlanmaları və seksual təhqirlərə məruz qalmaları ilə bağlı narahatlığını ifadə edib.
“Report” xəbər verir ki, bu barədə TASS-a ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
"Biz Sinszyanda etnik uyğurlar və başqa müsəlmanlar üçün düşərgələrdə qadınların sistematik zorlanmaları və seksual təhqirləri haqqında xəbərlərdən çox narahatıq. Çin Xalq Respublikasının hakimiyyəti beynəlxalq müşahidəçilərə şokedici iddialarla, həmçinin Sinzyandakı digər vəhşiliklərlı əlaqədar təcili və müstəqil araşdırmaların aparılmasına icazə verməlidir", - ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.
"Bu zorakılıqlar şoka salır və ciddi fəsadlara səbəb olmalıdır. Biz ardıcıl olaraq müttəfiqlər və partnyorlarla birlikdə bu qəddarlığı pisləyəcəyik, təqsirkarların məsuliyyətə cəlb edilməsi və gələcəkdə sui-istifadələrin qarşısının alınması üçün müvafiq vasitələri nəzərdən keçirəcəyik”, - ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.
Daha əvvəl BBC Çinin Sinzyan-Uyğur muxtar əyalətinin islah düşərgələrində qadınların zorlanmalara, seksual təhqirlərə və işgəncələrə məruz qalmaları barədə material dərc edib.
Yanvarın 19-da isə ABŞ hakimiyyəti bildirib ki, Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini soyqırım və insanlıq əleyhinə cinayətlər hesab edir.
"Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirib", - ABŞ-ın sabiq dövlət katibi Maykl Pompeonun bəyanatında bildirilib.