ABŞ Dövlət Departamentinin rəsmisi Daniel İsaak Ukraynanın əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib.
“Report” xəbər verir ki, o, bu barədə “RBK Ukraina”ya müsahibəsində deyib.
D. İsaak söyləyib ki, Ukrayna öz ərazilərini geri qaytardı və dəniz yollarını açdı: “Bu, mühüm nailiyyətdir. Ukrayna hərbçiləri çox cəsarətli hərəkət etdilər. ABŞ hökuməti anlayır ki, əks-hücum çox çətin olub. Bununla belə, ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək”.
Onun sözlərinə görə, ABŞ-nin dəstəyi Ukraynanın əks-hücumunun nəticələrindən asılı olmamalıdır: “ABŞ eyni vaxtda həm Ukraynaya, həm də İsrailə kömək edə bilər. Avropa Ukraynaya daha çox kömək etməlidir. Müharibədə qələbə Ukraynanın öz ərazisini qaytarması deməkdir”.
Dövlət Departamentinin rəsmisi bildirib ki, əks-hücumun uğurları və ya uğursuzluqları ABŞ-ın Ukraynaya dəstəyinə təsir göstərmir.
Qeyd edək ki, daha əvvəl Ağ Evin İdarəetmə və Büdcə Departamentinin rəhbəri Şalanda Yanq ABŞ-nin bu ilin sonuna qədər Ukraynaya yardım üçün resurslarının tamamilə tükənəcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.