ABŞ-də hava əlaqəsindəki genişmiqyaslı nasazlığın səbəbi açıqlanıb
- 14 noyabr, 2026
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib ki, hava hərəkətinin idarə edilməsi mərkəzlərində radiolokasiya rabitəsinin işindəki qeyri-sabitlik nasazlığa və uçuşların dayandırılmasına səbəb olub.
"Report" "The New York Times"a (NYT) istinadən xəbər verir ki, o bu barədə daxili təhlükəsizlik naziri Markueyn Mallinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Daffi dəqiqləşdirib ki, Federal Mülki Aviasiya İdarəsinin (FAA) uçuşları dayandırmaq barədə sərəncamı verildiyi an havada 3 500-dən çox təyyarə olub.
Daffi günahı "inanılmaz dərəcədə köhnəlmiş hava hərəkətinin idarə edilməsi sisteminin" üzərinə atıb.
Nazirlərdən nasazlığın kiberhücum və ya nəzarətdən çıxmış süni intellektin nəticəsi olmadığını "yüz faiz əminliklə" bildirə bilib-bilməyəcəkləri soruşulub. "Hazırda heç nəyə əmin olmaq mümkün deyil. Lakin görünüşə görə, bu, belə deyil", - Mallin cavab verib.
"Nəqliyyat Nazirliyinin rəhbəri artıq bir neçə aydır ki, hava hərəkətinin idarə edilməsi sisteminin modernləşdirilməsi üçün Konqresdən əlavə 30 milyard dolların ayrılmasına çalışır", - qəzet yazır. İndi isə 50 milyard dolların tələb olunduğu bildirilib.