ABŞ-nin bütün ştat və şəhərlərində dövlət bayraqları yarıya endirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, 15 may tarixi ölkədə öz vəzifə borclarını yerinə yetirərkən həyatını itirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına xüsusi hörmət və ehtiram olaraq Sülh Zabitlərinin Xatirə Günü kimi qeyd olunur.
Ənənəvi olaraq hər il bu gün ABŞ-də dövlət bayraqlarına qara lent bağlanır və bayraqlar dirəklərin yarısına qədər endirilir. Bu tarix ABŞ-nin 35-ci prezidenti Con Kennedinin imzası ilə 1962-ci ildə təsis olunub. 1994-cü ildə bu yana ABŞ-nin 42-ci prezidenti Bill Klintonun qərarı ilə isə dövlət qurumlarının önündə və ölkənin bütün ərazilərində dalğalanan bayraqlar yarıya qədər endirilib.
Qeyd edək ki, digər ölkələrlə müqayisədə ABŞ-də cinayət nisbəti daha yüksəkdir və bu səbəbdən də hər il cinayətkarlıqla mübarizədə xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşları həyatını itirir. Təkcə bu il öz vəzifə borcunu yerinə yetirərkən 118 hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub.