Bakı. 24 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların Luiziana və Missisipi ştatlarında baş verən qasırğa nəticəsində ən azı 3 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının bəyanatlarına istinadən CNN telekanalı məlumat yayıb.
Məlumata görə, qasırğa Luiziana ştatının Konvent şəhərindəki furqon avtomobillər dayanacağından keçib. Nəticədə iki nəfər ölüb, təqribən 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 7 nəfəri ağır vəziyyətdədir. Bir çox avtofurqonlar çevrilib. Hadisə yerində xilasetmə briqadaları işləyir.
Daha bir nəfər çərşənbə axşamı Missisipinin Pervis şəhəri yaxınlığında ölüb. Ölən şəxs avtofurqonda olub.
Luiziana, Missisipi, Alabama və Corciya ştatlarının rəhbərlikləri çərşənbə axşamı məktəblərdə dərsləri ləğv ediblər. Onların bəziləri çərşənbə günü də bağlı olacaq.