ABŞ ilə Meksika sərhəddində iki il əvvəl tətbiq edilmiş və ötən il uzadılmış fövqəladə vəziyyət rejiminin müddəti daha bir il də uzadılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp açıqlama verib:
“Təhlükəsizlik sahəsində davam edən böhran, həmçinin cənub sərhədlərimizdəki humanitar böhran Birləşmiş Ştatların milli təhlükəsizliyinə həm də pandemiyanın fəsadlarını ağırlaşdırmaqla təhdid yaradır. Hakimiyyətin icra qolu böhranı dəf etmək üçün addımlar atsa da, humanitar böhranı aradan qaldırmaq, Birləşmiş Ştatların cənub sərhədləri üzərində qanunsuz miqrasiya, habelə narkotik vasitələr və cinayətkarlar axınına nəzarət üçün yenə də tədbirlər görülməlidir. Bu səbəbdən 2019-cu ilin 15 fevral tarixində elan edilmiş fövqəladə vəziyyət və həmin vəziyyətlə bağlı görülən tədbirlər 2021-ci ilin 15 fevralından sonra da qüvvədə qalmalıdır... Fövqəladə vəziyyət rejimini daha bir il uzadıram”.
Qeyd edək ki, sözügedən addımın başlıca səbəbi Meksika sərhədində mühafizə divarının inşası üçün Konqresdən rəy almadan vəsait əldə etmək zərurətidir. Bu məqsəd üçün 2019-cu ildə prezident Tramp 8 milyard dollarlıq vəsait cəlb edə bilmişdi. Ötən ilin dekabr ayında isə "The Washington Post" tərəfindən dərc olunan xəbərdə yeni administrasiya bu plandan imtina edərsə, dövlət büdcəsinin 2,6 milyard dollar qənaət edəcəyi bildirilib.