ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 32 yaşlı Ceyson Naytenqeyl 3 nəfəri odlu silahla qətlə yetirib, daha 4 nəfəri isə yaralayıb.
“Report” xəbər verir ki, bu barədə “Chicago Tribune” məlumat yayıb.
Qeyd edilir ki, qatil ilk olaraq Çikaqo Universitetinin 30 yaşlı tələbəsini güllələyib. Bundan sonra çoxmərtəbəli yaşayış binasına daxil olaraq, əvvəlcə 46 yaşlı mühafizəçini öldürüb, sonra isə 77 yaşlı kişi və qadına atəş açaraq onları yaralayıb.
Qatil silsilə qətllərini sonra da davam etdirib. O, 20 yaşlı oğlanı odlu silahdan açdığı atəşlə qətlə yetirib, 81 yaşlı qadını isə ağır yaralayıb. Ceyson Naytenqeyl 15 yaşlı qıza da atəş açaraq ona ağır xəsarət yetirib.
Cinayətkar bundan sonra Evanstona gedərək küçədə qarşısına çıxan bir qadına başından atəş açıb. O, az sonra polis zabitləri ilə qarşılaşıb. Bu zaman atışma başlayıb və asayiş keşikçiləri qatili öldürüblər.