ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin administrasiyası bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
"Bayden administrasiyası Nikolas Maduro rejiminə qarşı bu həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Məlumata görə, Dövlət Departamenti bu gün ilk sanksiyalar paketini elan edə bilər", - nəşr yazıb.
Ötən ilin iyulun 28-də Venesuelada keçirilən seçkilərdə hazırkı dövlət başçısı Nikolas Maduro qalib gəlib. Seçicilərin 51,95 faizi onun lehinə səs verib.
Maduronu Rusiya, Boliviya, Honduras, İran, Çin, Kuba, Nikaraqua və digər dövlətlər təbrik edib. Yanvarın 10-da Karakasda keçiriləcək inauqurasiya mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək. ABŞ da daxil olmaqla bir sıra ölkələr Maduronun üçüncü müddətə yenidən seçilməsini tanımayıb.