Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ hakimiyyəti 2010-cu ildə Meksika körfəzində baş vermiş qəzaya görə Britaniyanın BP neft şirkətinin 16-18 milyard dollar məbləğində cərimə edilməsi iddiası ilə məhkəməyə müraciət edib.
"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, sənədə əsasən BP-nin fəaliyyətsizliyi ucbatından ABŞ tarixində ən böyük neft dağılması hadisəsi baş verib: "Ona görə də şirkət ABŞ qanunları ilə cəzalandırılmalıdır" .
Bundan başqa, ABŞ qəzalı quyunun ortağı, layihədə 25 faiz payı olan "Anadarko" şirkətinin bir milyard dollar cərimlənməsini istəyib.
2014-cü ilin sentyabrında hakim Karl Barbe BP-ni "laqeydlikdə " ittiham edərək, qərarda bildirib ki, Meksika körfəzində baş verən qəzanın günahının 67 faizi BP-nin, qalanı İsveçrənin "Transocean", ABŞ-ın " Halliburton" şirkətlərinin üzərinə düşür.
Xatırladaq ki, bu qəza 2010-cu il aprelin 20-də baş verib. Hadisə nəticəsində 11 nəfər ölmüş, yüz minlərlə ton neft dənizə axmışdı.
İndiyə kimi BP bu istiqamətdə artıq 42 milyard dollar xərcləyib. Bura dəyən ziyanla bağlı kompensasiyanın ödənilməsi, dövlət cərimələri, eləcə də körfəzə dağılan neftin təmizlənməsi xərci daxildir.