ABŞ Arktikadakı hərbi mövcudluğunu genişləndirir
- 07 oktyabr, 2026
- 02:00
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Arktikadakı hərbi mövcudluğunu daha da genişləndirmək məqsədilə İslandiya ilə hərbi əməkdaşlığı gücləndirmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ dövlət katibi Marko Rubionun Reykyavikə səfərinin yekunları ilə bağlı yazıb.
Nəşrin qeyd etdiyi kimi, sentyabr ayında ABŞ, Danimarka və Qrenlandiya arasında adada hərbi mövcudluğun genişləndirilməsi ilə bağlı əldə olunan razılaşma ABŞ Prezidenti Donald Trampın region üzərində nəzarətlə bağlı iddialarını tam təmin etmir. Bununla belə, razılaşma ABŞ-nin hərbi mövcudluğunu genişləndirməsi üçün imkanlar yaradıb və Qrenlandiya, eləcə də Şimali Atlantikadakı əməliyyatlar üçün aerodromlara, limanlara və müşahidə infrastrukturuna malik İslandiyanın strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb.
Marko Rubio İslandiyanı gizli fəaliyyətləri izləmək və rəqibləri çəkindirmək üçün kritik əhəmiyyət daşıyan dayaq məntəqəsi adlandırıb.
Bununla yanaşı, ABŞ dövlət katibi İslandiyanın xarici işlər naziri Katrin Torgerdürlə birgə keçirdiyi mətbuat konfransında Vaşinqtonun ölkədə əlavə hərbi mövcudluğunun yalnız Reykyavikin razılığı ilə mümkün olduğunu vurğulayıb. Bu barədə İslandiyanın RUV telekanalı məlumat yayıb.
Görüşün yekunlarına dair açıqlamasında Torgerdür bildirib ki, ABŞ hərbçiləri artıq İslandiyada, xüsusilə sualtı qayıqlara qarşı müdafiə tədbirləri çərçivəsində müntəzəm olaraq mövcuddur.
Onun sözlərinə görə, Rubio təkcə İslandiya ilə ABŞ arasındakı münasibətlərin möhkəmləndirilməsinə deyil, həm də NATO-nun regiondakı mövcudluğunun artırılmasına çalışır.