2024-cü ilin ilk üç ayında rekord sayda qeyri-qanuni miqrant şişmə qayıqlarla La Manş boğazı vasitəsiylə Böyük Britaniyaya keçib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi məlumat sübut edir.
İlin əvvəlindən La Manş boğazı ilə qeyri-qanuni yollarla Böyük Britaniyaya ümumilikdə 4,6 min insan gəlib ki, bu da 2022-ci ilin birinci rübündə qeydə alınmış əvvəlki rekorddan (4,5 min qeyri-qanuni miqrant) çoxdur. 2023-cü ildə isə ilin eyni dövründə onların sayı 3,7 min nəfər olub.
2023-cü ildə La Manş boğazı ilə Böyük Britaniyaya gələn qeyri-qanuni miqrantların ümumi sayı 29,4 min nəfər olub. Bu, əvvəlki illə müqayisədə demək olar 33 faiz azdır və Baş nazir Rişi Sunakın qeyri-qanuni miqrantlarla mübarizədəki uğurlarından danışmasına əsas verib.
Bununla belə, hakim Mühafizəkarlar Partiyasının qeyri-qanuni miqrasiya ilə mübarizə aparacağına dair vədlərinə baxmayaraq, 2018-ci ildən bəri ümumilikdə 110 mindən çox qeyri-qanuni miqrant şişmə qayıqlarla La Manş boğazını keçərək Böyük Britaniyaya keçib. R.Sunak daha əvvəl bu məsələni hökumətin əsas prioritetlərindən biri kimi təsvir etmişdi.
Sığınacaq üçün müraciətlərə baxılarkən qeyri-leqal miqrantlar, adətən, xüsusi miqrasiya mərkəzlərinə yerləşdirilir, lakin bu mərkəzlərin sayı kifayət qədər deyil. Belə mühacirlərin saxlanması, “The Times” qəzetinin yazdığına görə, Britaniya vergi ödəyicilərinə ildə təxminən 4 milyard funt sterlinqə (5 milyard ABŞ dolları) başa gəlir. O cümlədən qeyri-qanuni mühacirlərin hotellərdə yerləşdirilməsi gündə təxminən 6 milyon funt sterlinqə (7,6 milyon ABŞ dolları) başa gəlir.