"Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi, qurultayda müzakirə edilən aktual regional mövzular və qəbul edilən qərarlar dünya birliyinə önəmli mesajlar verdi".
Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında qurultayda iştirak edən "İğdır-Azərbaycan Evi"nin rəhbəri Ziya Zakir Acar bildirib.
O qeyd edib ki, dünyanın ən müxtəlif yerlərindən, ölkə mədəniyyətinin beşiyi sayılan Şuşaya axışan azərbaycanlılar - diaspor fəalları və ictimai, mədəni, siyasi xadimlər burada qısa müddət ərzində Azərbaycan dövlətinin yenidənqurma və bərpa fəaliyyətilə yaxından tanış olub:
"Qədim Azərbaycan torpağı Şuşada hazırki ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən əməli tədbirlər, işğal dövründə ermənilərin törətdiyi maddi-mənəvi vəhşiliklərin fəsadlarını aradan qaldırmaqdadır. Bu mənada hesab edirəm ki, hər bir azərbaycanlı, hər bir türk və qəlbi Azərbaycanla döyünən soydaşlarımız bu reallıqları bütün dünyaya çatdırmalıdır".
Ziya Zakir Acar Dünya Azərbaycanlılarının V qurultayını ciddi fürsət kimi dəyərləndirib: "Qurultayda diaspor nümayəndələrinin ölkəmizdən kənarda gələcək fəaliyyət planının daha da genişləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verildi. Bununla yanaşa, digər ölkələrdə də fəallıq nümayiş etdirən, Azərbaycanın haqlı mübarizəsində vacib rol oynayan həmvətənlərimizlə də tanışlıq, əlaqələrimizi gücləndirmək, fikir və informasiya mübadiləsi aparmaq imkanımız oldu".