Vadim Levaşvili: "Azərbaycanın maraqları ilə yaşayırıq"

Vadim Levaşvili: "Azərbaycanın maraqları ilə yaşayırıq" "İsrailə köçüb yerləşməyimlə bağlı əsas məsələlər həll olunan kimi bakılıları axtarmağa başladım"
Diaspor
8 Aprel , 2021 14:43
Vadim Levaşvili: Azərbaycanın maraqları ilə yaşayırıq
Vadim Levaşvili

Vadim Levaşvili Bakıda doğulub. 1985-ci ildə o zamankı Azərbaycan (indi Bakı) Dövlət Universitetinin fizika fakültəsinə qəbul edilərək üçüncü kursdan məqsədli təyinatla Moskva Fizika Mühəndislik İnstitutuna köçürülüb. Moskva yaxınlığında Dubna şəhərindəki elmi mərkəzdə, sonra bir müddət Almaniyada çalışıb. 12 il bundan əvvəl isə İsrailə köçüb Miqdal HaEmek şəhərində yaşayır, maşınqayırma müəssisəsində çalışır. Eyni zamanda, Azərbaycan – İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) fəalı olan Vadim Levaşvili Azərbaycanı vətəni hesab edir.

“Report”a verdiyi müsahibədə vətən məfhumunun onun üçün nə ifadə etməsi, qeyri-azərbaycanlı olmasına baxmayaraq qürbətdə ikən belə doğulduğu diyara bağlı qalması barədə söhbət açıb.

- Vadim müəllim, İsraildə yaşayaraq azərbaycanlı icmasına qoşulmusunuz. Halbuki 20 il ərzində Rusiyada yaşamısınız, artıq uşaqlıq, gənclik illərininizin keçdiyi Səkkizinci Kilometr yadınızdan silinə də bilərdi.

- İsrailə köçüb yerləşməyimlə bağlı əsas məsələlər həll olunan kimi bakılıları axtarmağa başladım. Çünki doğma şəhərimin ab-havasını içimə çəkmək, oradan gələnlərlə söhbət etmək, vətəndən son xəbərləri müzakirə etmək istəyirdim. Şükür olsun, Az-İs ölkədə yaxşı tanındığı üçün axtarışlarım çox çəkmədi. Mütəmadi olaraq müxtəlif tədbirlər keçirən Az-İs başqa diaspor təşkilatlarından fərqlənir. Burada İsraildə yaşayan təkcə azərbaycanlılar yox, Azərbaycandan gəlmiş başqa millətlərin də nümayəndələri az deyil. Hətta sadəcə Azərbaycana maraq göstərənlər də var. Bu da asosiasiyalara çoxlarını cəlb edir. Ən gözəl cəhət odur ki, israilin müxtəlif şəhərlərində yaşasaq da, özümüzü bakılı bilirik, vətəndə baş verənlər, onun necə yaşaması bizim üçün çox mühümdür.

Bakıda son dəfə 2004-cü ildə olmuşam, indi doğma şəhərimə bir də baş çəkmək arzusu ilə yaşayıram. Hələ o vaxt xeyli dəyişdiyini görmüşəm, amma indi deyilənə görə inanılmaz gözəldir. Bakının gözəlləşdiyini internetdən də görürəm, amma orada olanlar Azərbaycanın başqa şəhərlərinin, regionlarının da köklü şəkildə dəyişdiyini deyirlər. Bünüt bunları görmək, Moskvada yaşayam oğlumu da ata-baba yurdunu gəzdirmək, vaxtilə yaşadığımız evi, oxuduğumuz məktəbi, bulvarı, Tarqovını, həsrətini çəkdiyim hər yeri ona da göstərmək istəyirəm. Həm babası, mənim atam da burada uyuyur. Türkiyənin Şərqi Anadolu bölgəsindən olan həyat yoldaşım da Bakını görmək istəyir. Onların ailəsində, adətlərində, davranışlarında, yeməklərində azərbaycanlılara xas cəhətlər çoxdur. Ona Bakımız haqqında o qədər danışmışam ki, bu pandemiya qurtaran kimi bir yerdə Bakıya gedəcəyimiz günü gözləyir.

- Sinif yoldaşlarınızla əlaqə saxlayırsınızmı?

- Təkcə sinif yoldaşlarımla yox, tələbə yoldaşlarımla da. Sosial şəbəkələr vasitəsilə bir-birimizi axtarıb tapırıq. Həyat bizi müxtəlif yerlərə səpələyib. Emin Qasımov Kanadada, Ənvər Sadıqov Türkiyədədir, Elçin Hüseynovu nədənsə tapa bilmirəm. Ümidvaram bu müsahibəni oxuyar, məni tapar. Bunlar tələbə yoldaşlarımdır. Sinif yoldaşlarımdan Aytən Əliyeva “Turnaz” turizm şirkətinin təsisçisi və baş direktorudur, Azərbaycanın vətəndaşlarını, qonaqlarını ölkənin müxtəlif bölgələrini gəzdirir. Arif Əliyev də televiziya aparıcısıdır. Yəni Bakının xatirələri ən çox dostlarımla, yoldaşlarımla yaşayır.

- Hələ xatirələri çözələyəcək yaşa çatmamısınız ki. Bu gündən danışaq.

- Yox, məsələ təkcə keçmişin xatirələrində deyil. Hərçənd özümüzü Azərbaycan insanı hiss etməyimizin birinci səbəbi odur əlbəttə. Azərbaycanlıların başqa millətlərə mehribançılığ yaxşı yadımızdadır. Bakıda antisemitizmin olmadığını buraya gələn yəhudilər unutmurlar. Biz hamımız bu gün də Azərbaycanın maraqları ilə yaşayır, ölkənin tarixini, mədəniyyətini tanıtdırırıq. Məsələn, Azərbaycan kniosunun 120 illiyinə həsr olunmuş tədbirdə təqdimatı mən etdim, Bakı mədənlərini əks etdirən ilk görüntülərdən tutmuş gözəl aktorlarımızın oynadığı, bütün Sovet İttifaqının tamaşa etdiyi gözəl filmlərə qədər Azərbaycan kino sənətinin keçdiyi yoldan danışdım.

Tədbirlərimizdən biri daha əlamətdar oldu. Prezident Meşəsində 613 fidan əkilmiş, “Azərbaycanın Xocalı şəhərindəki 613 şəhidin xatirəsi üçün” sözlərinin həkk olunduğu lövhə quraşdırılmışdı. Hər il müxtəlif tədbirlər keçirildiyi həmin guşəyə İsrailin sakinləri və qonaqları gəlir. Bu, hər birimizin də faciəsi olan 26 fevral 1992-ci il faciəsinə cavabımızdır. Məni heyrətləndirən bir məqam var: Xocalı şəhidlərinin sayı Yəhudi dininin ehkamları qədərdir. Mənə elə gəlir ki, bu, təsadüfi ola bilməz. 2019-cu ildə Təl-Əvivdə Az-İs III qurultayında iştirak etmişəm. Qurultayda Azərbaycan Diaspor İşi Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edirdi. Gələcək fəaliyyətimizlə bağlı planlar hazırlamışdıq. Bəzilər elə bilir ki, bunlar sırf rəsmi tədbirdir, amma elə deyil. Orada müəyyən dərəcədə Azərbaycanla İsrailin münasibətlərinin gələcəyi də müəyyənləşdirilir. Təəssüf ki, pandemiya üzündən ötən il ordumuza dəstək üçün istədiyimiz qədər tədbir keçirə bilmədik.

- İkinci Qarabağ müharibəsi başlayanda nələr hiss etdiniz?

- Bunu sözlə ifadə etmək çətindir. Gecə-gündüz görəsən orada vəziyyət necədir, nələr baş verir, haranı azad etmişik, necə irəliləmişik, bəs alınmaz qala olan Şuşa necə olacaq, çoxdandır unutduğumuz bu düşüncələr bizi rahat qoymurdu. Birdən Azərbaycan ordusunun irəliləməsi dayanar, yenə xarici qüvvələr çomaq soxarlar... Məncə, Azərbaycanın qələbəsi tarixi ədalətin zəfər çalmasıdır. Burada dünyanın hər yerində dövlətlər arasındakı münasibətlərin təməlinə qoyulması vacib olan ədalət prinsipinin qələbəsidir. Mən siyasətçi deyiləm, amma özümü Azərbaycan vətəndaşı hesab edir və bu məsələdə Ermənistanın da qazandığını düşünürəm. Hətta iqtisadi mənfəəti qırağa qoysaq, onların yaratdığı qondarma qurumu heç bir dövlət tanımayıb. Azərbaycan qələbə çalandan sonra Ermənistan da dünyanın gözündə işğalçı imicindən xilas ola bilər. Ermənilərə qarşı şəxsi ədavətim olmasa da, Azərbaycan vətəndaşı kimi Qarabağda haqq-ədalətin bərpa olunmasına sevinir və bunu dəstəkləyirəm.

- Azərbaycan adı gələndə nə düşünürsünüz, bu anlayışın içərisində sizin üçün nələr var?

- Çox şey var onun içərisində. Bakı, onun küçələri, onun evləri, dənizi var. Ən başlıcası da bir yerdə yaşadığım, indi də bağlı olduğum insanlar var.

Elyanora Abbasquliyeva

Son xəbərlər

Orphus sistemi