Bakı. 17 oktyabr. REPORT.AZ/ Ukraynada “Tarixi həqiqətin izi ilə” və “Yerevanda Azərbaycan izi ilə” adlı sənədli filmlərin nümayişi keçirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, təqdimat mərasimi Ukrayna Azərbaycanlı Gənclər Birliyində (UAGB) baş tutub.
Təqdimatda Ukraynadakı diplomatik korpus və diaspora təşkilatlarının nümayəndələri, həmçinin Ukrayna cəmiyyətinin aktiv ictimai gəncləri iştirak ediblər.
İlk öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə ərsəyə gəlmiş sənədli filmlər təqdim olunub. Filmin müəllifi “Cəmiyyətlə əlaqələndirmənin inkişafına yardım” təşkilatının sədri, Bakı Slavyan Universitetinin dosenti, araşdırmaçı jurnalist Şəlalə Həsənovadır. Birinci film ABŞ, Avropa və erməni müəlliflərinin araşdırmalarına əsaslanır. Filmdə sübut olunur ki, Qafqazda yerləşən Ermənistan birinci xristian ölkəsi deyil.
“Yerevanda Azərbaycan izi ilə” adlanan ikinci filmdə isə bütün faktlar birləşdirilərək ötən əsrdə İrəvan şəhərinin erməni vandalizminə məruz qalmasını sübut edir. Hər iki filmin rus və ingilis dili variantları hazırlanıb.
Filmlərin təqdimatından sonra Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Təbriz Qarayev, UAGBV sədri İlhamə Allahverdiyeva və BUAK sədri Rövşən Tağıyev çıxış ediblər. Vurğulanıb ki, gənclərə tarixi həqiqətləri aşılamaq, eyni zamanda ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq üçün bu cür filmlərin çəkilməsi və təbliği çox vacibdir. Həmçinin, bu sənədli filmlərin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığı qeyd edilib.
Tədbir geniş müzakirə və diskussiyalarla davam etdirilib.









