Ukraynada Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi qeyd olunub

Ukraynada Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi qeyd olunub Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyevdə “Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 30 illiyi və Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 30 illiyi" mövzusunda dəyirmi masa keçirilib.
Diaspor
107
18 Oktyabr , 2021 21:19
Ukraynada Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi qeyd olunub

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyevdə “Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 30 illiyi və Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 30 illiyi" mövzusunda dəyirmi masa keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə Ukrayna Ali Radasının deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, alim və tarixçilər, yerli KİV nümayəndələri iştirak ediblər. Tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə dair tanıtım videosu nümayiş etdirilib.

Dəyirmi masanın moderatoru Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun böyük elmi işçisi, politoloq Nikolay Zamikula çıxış edərək bildirib ki, bu yaxınlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində səfərdə olub:

“Azərbaycan çox yaxşı təsir bağışladı. Bu dövlət öz potensialına görə Cənubi Qafqazın lideridir və onun inkişaf sürəti bu həqiqəti təsdiq edir”.

Ötən müddət ərzində iki ölkə arasında digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də uğurlu əməkdaşlıq münasibətlərinin olduğunu deyən “Ukrinform” İnformasiya Agentliyinin direktoru Aleksandr Xarçenko bildirib ki, Azərbaycan və Ukrayna informasiya siyasətində daim bir-birinin yanında olub, beynəlxalq platformalarda dəstəyini nümayiş etdirib.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək bildirib ki, ölkəmiz 30 il ərzində heç də asan yol keçməyib: “Xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümumilli lider Heydər Əliyev insanlarda böyük ümid yaratdı. Ulu öndərin ağıllı, uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda nüfuz sahibinə çevrildi, sabitlik yarandı, iqtisadiyyatımız gücləndi. Sonra Heydər Əliyevin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dövlətimiz daha da inkişaf etdi. Bütün bu uğurların məntiqi nəticəsi kimi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalda olan ərazilərimizi azad etdi. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Qarabag münaqişəsi keçmişdə qaldı”.

Səfir bildirib ki, bu gün Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur:

“Ukrayna Azərbaycan üçün vacib tərəfdaşdır”.

Ukraynanın Müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiyası nazirinin müavini İqor Yaremenko, Ukrayna Ali Radasının deputatları, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mariya Mezentsova, Dmitro Solomçuk, Ukrayna Ticarət və Sənaye Palatasının vitse-prezidenti Valeri Korol, Ukrayna Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Andrey Kudryaçenko, tarix elmləri doktoru, soydaşımız Fərhad Turanlı və digərləri iki ölkə arasında olan tarixi əlaqələr, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi