Kiyevdə Ukraynanın Bayraq Gününə və müstəqilliyinin 30 illiyinə həsr olunmuş “Etniçniy vinoçok” adlı etnik xalqların benəlxalq mədəniyyət festivalı keçirilib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbir Kiyevin Desnyansk rayon administrasiyası ilə Ukraynanın azərbaycanlı Xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən baş tutub.
Festivala Ukraynada yaşayan bütün etnik xaqların nümayəndələri qatılsa da, ermənilər iştirakdan imtina ediblər. Azərbaycan pavilyonunu Ukrayna Azərbaycanlıları Radası (UAR) təmsil edib. UAR festivalda Azərbaycan üçün ayrılmış pavilyonda üçrəngli bayraqla yanaşı, milli musiqi alətləri, milli-mədəni irsimizlə bağlı nəşrlər və s. nümunələr sərgiləyib.
Festivalı açıq elan edən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi, müğənni Nataliya Kudryaşova bildirib ki, Ukraynada 120-dən çox etnik millətlərə məxsus insanlar yaşayır və onların tam əksriyyətinin nümayəndəsi bu gün tədbirdə təmsil olunur.
Desnyansk rayon administrasiyasının rəhbəri Dmitri Ratnikov isə bildirib ki, Ukrayna etnik müxtəlifliyinə görə zəngin ölkə kimi bununla qürur duyur. Daha sonra D.Ratnikov Azərbaycan pavilyonuna yaxınlaşaraq tanış olub, UAR-ın Baş katibi Ceyhun Məmmədov vasitəsilə Ukrayna vətəndaşı olan bütün azərbaycanlıları təbrik edib.
Təxminən mindən çox iştirakçının toplaşdığı, Ukrayna Dövlət Himni ilə başlayan festivalda yəhudilər, almanlar, gürcülər, moldovanlar, polyaklar, Afrika xalqlarının nümayəndələri, Anadolu türkləri, ispanlar və digər etnik xalqların nümayəndələri milli mədəniyyət nümunələrini sərgiləyib, musiqilər səsləndiriblər.
Ukraynanın azərbaycanlı Xalq artisti Qurban Abbasov və müğənni Nataliya Kudryaşova isə Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını ifa ediblər