Türkiyədə zəlzələ baş verən ərazilərdə yaşayan azərbaycanlılar: “Tələbələrimiz sığınacaqlardadır”

Türkiyədə zəlzələ baş verən ərazilərdə yaşayan azərbaycanlılar: “Tələbələrimiz sığınacaqlardadır” "Report”un Ankara bürosu Türkiyənin zəlzələ baş verən ərazilərində yaşayan azərbaycanlı ailələrlə əlaqə saxlayıb.
Diaspor
6 Fevral , 2023 17:49
Türkiyədə zəlzələ baş verən ərazilərdə yaşayan azərbaycanlılar: “Tələbələrimiz sığınacaqlardadır”

"Report”un Ankara bürosu Türkiyənin zəlzələ baş verən ərazilərində yaşayan azərbaycanlı ailələrlə əlaqə saxlayıb.

Adanada yaşayan azərbaycanlı Rüxsarə Çelikkıran "Report”un qardaş ölkədəki əməkdaşına bildirib ki, ilk zəlzələnin baş verdiyi saatdan ailəsi, üç övladı ilə birgə evi tərk ediblər, yağışlı hava şəraitində həyat yoldaşının avtomobilinə sığınıblar.

O, saat 13:24 radələrində baş verən təkanları isə daha çox hiss etdiklərini deyib:

"İlk vaxtda elektrik enerjisinin, təbii qazın verilişi dayandırıldı, sonra bərpa olundu. İlk zəlzələdən sonra evə daxil olmamışdıq. Çoxmərtəbəli binada yaşayırıq. Evin vəziyyəti haqqında məlumatımız yoxdur.

R.Çelikkıran hazırda yaxın qohumlarının həyət evinə sığındıqlarını deyib:

"Qaynımgil həyət evində yaşadığı üçün nisbətən təhlükəsiz olsun deyə, onlardayıq. Birinci zəlzələdən sonra Adanada dağılan binaların sayının 30-dan çox olduğu deyilirdi, hazırda məlumatımız yoxdur. Çünki internet və telefon əlaqələri çox məhduddur”.

Osmaniyədə yaşayan, Korkutata Universitetinin müəllimi azərbaycanlı Elnur Paşa isə vurğulayıb ki, bölgədə yaşayan azərbaycanlı ailələrlə əlaqəsi var:

"Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də onlarla mütəmadi əlaqə saxlayır, yaşadıqları yerlərdə zəlzələnin fəsadları olsa da, itki və xəsarət alanlarla bağlı məlumat yoxdur. Burada tanıdığım azərbaycanlı ailələr və azərbaycanlı tələbələr var ki, əlaqə saxlayırıq. Səfirliyin nümayəndələri də sıx əlaqə qurur. Binalarda çatlar var, daxil olmaq qadağan edilib. Mən ailəmi təhlükəsiz bir yerə apardım. Tələbələrimiz cəm halında sığınacaqlarda yerləşiblər, ailələr də nisbətən təhlükəsiz yerlərdədirlər”.

Elnur Paşa deyib ki, Osmaniyə şəhərində hazırda elektrik, qaz kəsilib, internet verilişi dayandırlıb, hava soyuqdur.

Qeyd edək ki, bu gün Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalıt əkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb, 7634 nəfər yaralanıb. Təbii fəlakət zamanı 2824 bina dağılıb.

Son xəbərlər

Orphus sistemi