Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin beynəlxalq Bakı-Şuşa forumunun iştirakçıları dekabrın 20-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
“Report” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Qeyd edək ki, ziyarətdə Türkiyənin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, TDT-nin baş katibinin müavini Yerzhan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğızıstanın Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliev, Özbəkistanın Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Qazaxıstanın “Otandastar” Fondunun beynəlxalq şöbəsinin müdiri Kalıbek Koblandin və Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü iştirak ediblər.