Fevralın 24-dən başlayaraq Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilir.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Aksiya Gürcüstandakı “Azərbaycan Evi”nin, AZEBİ və “Alyans” Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya Ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilir.
Aksiya zamanı üzərində gürcü və ingilis dillərində “Xocalıya Ədalət!” tələbinin əks olunduğu 4 yük avtomobili paytaxtın mərkəzindəki Aleksandr Çavçavadze küçəsindən hərəkət etməyə başlayıb. Avtomobil karvanının şəhərin mərkəzindəki izdihamlı yerləri və əhalinin sıx yaşadığı əraziləri (Rustaveli prospekti, Azadlıq meydanı, Pekin, Merab Kostava, Marcanişvili, Sereteli küçələri və sair) əhatə edən marşrut üzrə hərəkət etməsi nəzərdə tutulub.
Aksiya fevralın 28-i axşam saat 20:00-dək davam edəcək.
Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, 10 ildən artıqdır Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya Ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyasına qoşulublar. Bu illər ərzində XX əsrin ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımı həqiqətlərinin gürcü və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Tbilisidə bir sıra tədbirlər, yürüşlər, məlumatlandırma aksiyaları gerçəkləşdirilib. Builki aksiya isə bütün paytaxtı əhatə edəcək.