Tbilisidə “Qış xeyriyyə yarmarkasın”da Azərbaycanın mədəniyyət nümunələri təqdim olunub

Tbilisidə “Qış xeyriyyə yarmarkasın”da Azərbaycanın mədəniyyət nümunələri təqdim olunub Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi “Qış xeyriyyə yarmarkası” keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkil etdiyi sərgi-satış yarmarkasında Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak e
Diaspor
9 Dekabr , 2023 13:41
Tbilisidə “Qış xeyriyyə yarmarkasın”da Azərbaycanın mədəniyyət nümunələri təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi “Qış xeyriyyə yarmarkası” keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkil etdiyi sərgi-satış yarmarkasında Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak edib.

Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan guşədə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, “Alyans” Gənclər Mərkəzi, Marneulidəki “Çay evi” milli suvenirlər, rəsm əsərləri, xalçalar, Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlər tərəfindən "Made in Azerbaijan” brendli çay, qida və qənnadı məmulatları təqdim olunub.

Azərbaycan guşəsini Gürcüstan rəsmiləri ilə yanaşı Türkiyə, Belarus, Qazaxıstan, Bolqarıstan, Çin, ABŞ, Fransa, Slovakiya, Braziliya və digər ölkələrin səfirliklərinin əməkdaşları ziyarət ediblər.

Onların bir çoxu xalça, araqçın papaq, corab və digər suvenirlər alıblar.

Azərbaycanın guşənsini ziyarət edənlərə milli sərvətlərimiz, mədəniyyət, incəsənət və mətbəx nümunələrimiz barədə ətraflı məlumat verilib.

Yarmarka çərçivəsində xarici ölkələrin milli mətbəxləri pavilyonunda qurulmuş çadırda isə qonaqlara "Muğam Çay Evi" hazırladığı samovar çayı, Azərbaycanın milli mətbəx nümunələri – plov, dolma, kabab, qutab, paxlava, şəkərbura, badambura, şorqoğalı və digər şirniyyat nümunələri təqdim edilib.

Yarmarkanı ziyarət edənlər Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Azərbaycanın rəngarəng, geniş və zəngin guşəsi yarmarkaya gələn ziyarətçilərin böyük marağına səbəb olub.

Qedək ki, yarmarkada 30-a yaxın ölkə və beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak ediblər. Hər bir iştirakçı ölkə və təşkilat ayrıca guşə ilə təmsil olunub.

Xeyriyyə yarmarkasında satışdan əldə edilən vəsait ehtiyacı olan uşaq, qadın və yaşlılar üçün həyata keçiriləcək layihələrə sərf olunacaq.

Son xəbərlər

Orphus sistemi