Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, TRT, “Anadolu” agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspor Beynəlxalq Qısa Film Festivalı başa çatdıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, festivala 120 ölkədən 3 123 film təqdim edilib.
Münsiflər heyəti festivalın final mərhələsinə 24 film seçib. Onların arasında türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun çəkdiyi qısametrajlı "28” bədii-sənədli filmi də var. Film Niderlandda yaşayan jurnalist Xatirə Sərdarqızının 12 yaşında olarkən birinci Qarabağ müharibəsi zamanı aldığı psixoloji sarsıntıdan, 28 illik həsrətdən sonra işğaldan azad edilən doğma Şuşaya qovuşmasından və öz uşaqlıq illərinə qayıtmasından bəhs edir.
İstanbulun “Atlas” kinoteatrında filmlərin nümayişi zamanı türkiyəli tamaşaçılar "28” filmini maraqla qarşılayıblar. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov ekran əsərinin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və birinci Qarabağ müharibəsi zamanı 12 yaşında şəhəri tərk etmək məcburiyyətində qaldığını, onun uşaq vaxtı yaşadığı psixoloji sarsıntılara diqqəti cəlb edib.
"Bu hekayədə müharibənin insanlara və uşaqlara yaşatdığı dəhşətli anları, psixoloji sarsıntılara səbəb olduğunu göstərmək istədik. Bundan başqa, məqsədimiz erməni vandallarının işğal zamanı Şuşadakı tarixi-mədəni irsimizi, abidələrimizi tarmar etdiklərini, şəhəri viran qoyduqlarını daha geniş auditoriyanın nəzərinə çatdırmaqdır”, - deyə rejissor əlavə edib.
Qeyd edək ki, “28” filmi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə hazırlanıb. Növbəti beynəlxalq festivallara təqdim olunması nəzərdə tutulan filmin ssenari müəllifləri – Orxan Bahadırsoy və Xatirə Sərdarqızıdır. Rolları Xatirə Sərdarqızı və Nuray Məmmədzadə canlandırıblar.