Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Strasburqda bir sıra tədbirlər keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, fevralın 25-də Strasburq Diyanət İşləri Türk İslam Birliyinin mərkəzi məscidində cümə xütbəsi zamanı Xocalı soyqırımı haqqında möminlərə məlumat verilib,.
Qətlə yetirilmiş günahsız insanların xatirəsi yad edilib və onların ruhlarına dualar oxunub. Belə faciələrin təkrarlanmaması üçün bu qətliamın heç zaman unudulmamalı və ədalətin təmin edilməli olduğu, habelə Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qanlı hadisələrdən lazımı nəticələrin çıxarılmasının vacibliyi vurğulanıb.
Minə yaxın şəxsin iştirak etdiyi mərasimdə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının hazırladığı broşürlər paylanılıb və iştirakçılara ehsan verilib.