İstanbul. 22 may. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsi İrəvanın sonuncu xanı Hüseynqulu xanın qardaşı Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacarın Türkiyədə yaşayan nəvəsi və varisi Turhan Turqutu fəxri fərmanla təltif edib.
“Report”un Türkiyə bürosu xəbər verir ki, bununla bağlı qərarı Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb.
Mükafatı Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacarın varisinə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev təqdim edib.
T.Turqut Azərbaycan dövlətinə ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib: “Bu günləri gördüyümə görə çox sevincliyəm. Allah bunu mənə nəsib etdiyi üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, ixtisasca hüquqşünas olan soydaşımız 2016-cı ildə Bakıya gəlib, Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edib.
Mükafatın təqdimatından sonra Turhan Turqut "Report"un suallarını cavablandırıb. O, əvvəlcə ailəsinin Türkiyəyə mühacirət tarixcəsindən danışıb: “Mən Türkiyənin İzmir şəhərində anadan olmuşam. Biz 1917-ci ilin sonlarında sovet zülmü və erməni vəhşilikləri nəticəsində doğma dədə-baba yurdumuzu tərk etmək məcburiyyətində qalmışıq. Atam Hüseyn Turqut Türkiyəyə gələndə müxtəlif döyüşlərdə iştirak edərək şücaət göstərmiş peşəkar hərbçi idi. Onun ali təhsili də vardı, bir neçə dil bilirdi. Ona görə də atamı Osmanlı ordusunun sıralarına qəbul etmişdilər. O, Həsən xan Turqut ilə Bəhmən Mirzə Qacarın qızı şahzadə Nuraleyin Qacarın ilk övladıdır. 1900-cü ilin noyabr ayında qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olub. Babası 1912-ci ildə vəfat edən Abbasqulu xan İrəvanskidir. İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal edilsə də, xan titulu alınmamışdı, nəsli də xan nəsli sayılırdı. Ailədə beş uşaq olublar: qardaşı Fərid xan, bacıları Rüxsarə, Sami və Adilə xanım. Hüseyn Turqut orta təhsilini İrəvan şəhərindəki gimnaziyada alıb. 1917-ci il oktyabr inqilabından sonra İrəvanda ermənilərin törətdikləri vəhşiliklər nəticəsində bütün ailə üzvləri ilə birgə Naxçıvana köçüblər. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra Türkiyəyə mühacirətə gedib. Babam Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusunun sıralarında zabit kimi döyüşlərə qatılıb, göstərdiyi igidliyə görə “Demir Hilal” döş nişanı ilə təltif olunub. Türkiyənin azadlığı və müstəqilliyi uğurunda Milli Qurtuluş Savaşının başlaması ilə leytenant rütbəsində Qars, Sarıqamış və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarına qatılıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” medalı ilə təltif olunub. Müharibə başa çatdıqdan sonra da ordu sıralarında qalıb, Türkiyənin cənub-şərqində kürd üsyanlarının yatırılmasında iştirak edib".
T.Turqut 1928-ci ildə atasının ailə üzvlərinin böyük çətinliklərdən sonra Türkiyəyə gəlməyə müvəffəq olduğunu söyləyib: "1930-cu ilədək isə Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut xidmətdə fərqləndiyinə görə Türkiyə Hərbi Hava Qüvvələrinə keçirilib. 1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş nəfərdən biri olduğundan Fransaya göndərilib. Burada keçirilən təlimlərdə də yüksək nəticə göstərib. Hüseyn Turqut bacarıqlı zabit idi, altı dil bilir, istedadı və çalışqanlığı ilə digər zabitlərdən seçilirmiş. Ona görə də Fransadan qayıtdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı onun əməyindən yeni pilotların yetişdirilməsi üçün istifadə edib. Burada Hüseyn Turqut “Junge Dayı” ləqəbi ilə məşhurlaşıb və çox sevilən bir zabit olub. 1934-cü ildən 1946-cı ilədək Türkiyə Hərbi Hava Qüvvələrinə çoxlu sayda pilot yetişdirməklə ordu quruculuğunda və inkişafında müstəsna xidmətlər göstərib. 1946-cı ildə ağır qəza keçirib, bundan sonra səhhəti təlim keçməsinə imkan vermədiyindən Türkiyə Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə çalışıb. 1960-cı ildə 42 illik hərbi xidmətdən sonra general-mayor rütbəsində təqaüdə çıxıb. Atam 1936-cı ildə Ləman Hattusas ilə evlənib. 1940-cı ildə Nur adlı bacım, 1946-cı ildə isə mən dünyaya gəlmişəm. Bacım 1971-ci ilin noyabr ayında vəfat edib, xüsusi hərbi mərasimlə Ankara şəhərindəki Cebeci Şəhidlər Xiyabanında dəfn edilib. Belə bir insanın övladı olraq dünyaya gəldiyimə görə fəxr edirəm".
Onun sözlərinə görə, atası daima Vətən həsrəti ilə yaşayıb: "Hər şeyi arxada qoyub gəldiklərinə görə çox təəssüflənirdi. Onlar ömürlərinin sonunadək Vətən həsrətilə yaşadılar. Hazırda ailəliyəm və üç uşağım var. Mən də atalarım, babalarım kimi həmin torpaqların həsərtilə yaşayıram. Düşünürəm ki, o torpaqlar gün gələcək öz sahiblərinə, bizlərə geri veriləcək və bu zülm bitəcək. Atalarımın Vətənlə bağlı çox gözəl xatirələri vardı. İravanda Tepebaşı hissəsində onların böyük bir evləri varmış. Əmim ora “Şato” deyərmiş. Bu evlərin yaxınlığından Zəngi çayı axırmış. Çaydan bir az aralıda isə 1827-ci ildə rusların yerlə yeksan etdiyi Xan sarayının qalıqları varmış. Atamın tərbiyəcisi onu kiçik yaşlarında həmin ərazilərdə gəzdirir və azyaşlı olmasına baxmayaraq, ona silah atmağı öyrədirmiş. Mənə hər zaman ailə bağlarının nə qədər qüvvətli olduğundan danışardılar. Atam mənə onu və qardaşlarını böyüdən tərbiyəçisindən həsaslıqla danışırdı. Həmin qadın rus olub, adı Quruşa imiş, onun evimizdə çox gözəl fotoları var. Quruşa onlara Puşkinin yazdığı hekayələrdən danışırmış, xüsusilə də pişik hekayələri. Bizim toylarımız çox gözəl keçirdi. Mənim babam və dədəmin məzarı İravandakı Göy məscidin içərisindədir".
T.Turqut Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini görənlərdən biri olduğuma görə qürur hissi keçirdiyini vurğulayıb: "Azərbaycan Şərqdə ilk müstəqil dövlətini quraraq qadınlara seçki hüququ da daxil olmaqla, bütün haqları verib. Mustafa Kamal Atatürk də Türkiyə Cümhuriyyətini bu dəyərlərin üstündə inşa etmişdi. Bayraqlarımız ayrı ola bilər, ancaq biz bir millətik və bizi kimsə ayıra bilməz. Belə bir ölkənin övladları olduğumuza görə qürur duymalıyıq. Mən ay-ulduzlu, uçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzulayıram. Daha neçə yüz illərə Azərbaycan, Cümhuriyyətin mübarək!"
Vüsalə Abbasova